Moldovada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
Kişineu, 19 yanvar, AZƏRTAC
Azərbaycanın Moldovadakı səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan diasporunun nümayəndələri, Moldova ictimaiyyətinin təmsilçiləri, azərbaycanlı tələbələr iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Qüdsi Osmanov tədbirdə çıxış edərək Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsi barədə məlumat verib. O, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı yeridilən sovet ordusunun hərbi təcavüzü nəticəsində 140-dan çox insanın qətlə yetirildiyini 800-dək azərbaycanlının yaralandığını söyləyib. Faciədən 28 il keçsə də xalqımız şəhidlərimizin xatirəsini ən yüksək ehtiramla yad edir.
Q.Osmanov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində güclü orduya və dünyada nüfuzlu və özünəməxsus yeri olan Azərbaycan regionun lider dövlətinə çevrilib.
Moldova İctimai Palatasının sədri xanım Aureli Qriqoriu çıxışında 20 Yanvar hadisələrinin XX əsrdə Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olduğunu, günahsız insanların qətlə yetirildiyini, bir çoxlarının ağır xəsarətlər aldığını və bunun Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı səhifəsi olduğunu bildirib.
Moldova Azərbaycanlıları Konqresi rəhbərinin müavini Muxarib Allahverdiyev 20 Yanvar faciəsinin acı nəticələrindən, sovet rejiminin xalqımıza qarşı amansız siyasətinin günahsız qurbanlarından danışıb. O, tarixin qanlı səhifəsi olan 20 Yanvarın bu gün də böyük kədərlə xatırlandığını bildirib.
"Moldovahidromaş" şirkəti rəhbərinin müavini, professor Etibar Məmmədov faciə günlərində Moskvada olduğunu xatırlayaraq, ümummilli lider Heydər Əliyevin möhkəm siyasi iradə göstərərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, bu qanlı cinayəti törədənləri kəskin şəkildə ifşa etdiyini bildirib, Ulu Öndərin çətin gündə xalqının yanında olduğunu qeyd edib.
Sonda tədbir iştirakçıları faciənin dəhşətlərini əks etdirən fotolardan ibarət stendə baxıb, önünə qərənfillər düzüblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu