Moskva vilayətinin Mıtişi məktəbinin şagirdləri Bakıdakı 23 nömrəli məktəbin qonağı olublar
Moskva, 29 mart, AZƏRTAC
Moskva vilayətinin Mıtişi məktəbinin şagirdləri Novruz bayramında Bakıya səfər ediblər.
AZƏRTAC xəbər verir ki, rus dili və ədəbiyyatı müəllimi Elmira İsmayılovanın rəhbərliyi etdiyi Moskva vilayətinin Mıtişi məktəbinin şagirdlərindən ibarət qrup paytaxtımıza T.Həsənov adına 23 nömrəli məktəbin dəvəti ilə gəlib.
E.İsmayılova səfərlə bağlı deyib: “Görüş o qədər səmimi və xoş idi ki, bizdə sanki bir-birimizi dəfələrlə gördüyümüz barədə təəssürat yaranırdı. Nümayəndə heyətimizin üzvləri - səkkizinci sinif şagirdləri Kristina Artişeva, Kira Qazina, Anastasiya İvankoviç, Janna Borovikova, Yuliya Kulikova, Alina Fedotova, Ulyana Prıquşina tam beş gün Bakıda oldular. Bu unudulmaz günlər bütün həyatları boyu uşaqların yaddaşında qalacaq”.
Qızlar Şəhidlər xiyabanını ziyarət edib, Şirvanşahlar sarayında, İçərişəhərdə, Atəşgah məbədində, Dövlət Bayrağı meydanında, “Qala” tarix-etnoqrafiya qoruq-muzeyində olub, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq yazıçısı Anarın eyniadlı əsəri əsasında səhnələşdirilmiş “Beşmərtəbəli evin altıncı mərtəbəsi” tamaşasına baxıb, Bakı bulvarında gəzintiyə çıxıblar.
E.İsmaylova AZƏRTAC-ın müxbiri ilə söhbətində daha sonra söyləyib: “Başda direktor Yuliya Kərimova olmaqla 23 nömrəli məktəbin kollektivinə hədsiz minnətdarlığımızı bildiririk. Bizim uşaqları öz evlərində qonaq edən, onlara səmimi münasibət və diqqət göstərən valideynlərə də təşəkkürümüzü bildirirəm, onların qarşısında baş əyirəm. Bizi necə dadlı və bol yeməklərə qonaq etdiklərini sözlə ifadə etmək çətindir. Həmin günlər bizimlə birlikdə olanların hamısına təşəkkür edirəm. Bakıda təkcə yeni dostlar deyil, həm də doğma insanlar qazandıq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva