SİYASƏT
Moskvada Azərbaycan-Rusiya münasibətləri ilə bağlı “dəyirmi masa” keçiriləcək
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə müzakirə olunacaq məsələlər arasında Azərbaycan ərazisinə digər xalqların köçürülməsi, Azərbaycan Sovet Sosialist Respublikasının qurulması tarixi, 1920-ci ilədək Rusiya imperiyası tərkibinə daxil edilən Azərbaycan əraziləri, keçmiş sovet məkanında Azərbaycan-Rusiya münasibətlərində ictimai, siyasi, iqtisadi, mədəni və geosiyasi əlaqələrin davam etdirilməsi perspektivləri və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru İradə Bağırova, Azərbaycanın yeni tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov və tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevdən ibarət elmi heyət “dəyirmi masa”da iştirak edəcək.