İDMAN
MOSKVADA “BİRLİYİN ÇEMPİONLARININ KUBOKU” UĞRUNDA XII BEYNƏLXALQ FUTBOL TURNİRİ BAŞLANMIŞDIR
Azərbaycanı bu tədbirdə Rusiya Futbol İttifaqının dəvəti ilə Moskvada olan AFFA-nın prezidenti Ramiz Mirzəyev təmsil edirdi.
Ramiz Mirzəyev futbol təşkilatlarının rəhbərləri ilə bir sıra faydalı görüşlər keçirmişdir. Görüşlərdə onların AFFA ilə daha sıx əməkdaşlığı haqqında razılaşma əldə olunmuşdur.
AFFA prezidenti AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, o, UEFA prezidenti ilə görüşmüş və əməkdaşlığa dair bir sıra məsələləri müzakirə etmişdir. Əldə edilmiş razılaşmaya uyğun olaraq, UEFA Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının yeni ofisinin tikintisinə, habelə Bakıda milli yığma komanda üçün bazanın inşasına kömək göstərəcəkdir.
FİFA prezidenti Yozef Blatter və Mişel Platini ilə də çox səmərəli görüşlər olmuşdur. RFİ prezidenti ilə görüşdə isə tərəflər Azərbaycanda və Rusiyada futbolun inkişafı və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq etmək barədə razılığa gəlmişdilər.
AFFA prezidentinin fikrincə, aparılmış bütün danışıqlar çox səmərəlidir və Azərbaycan futbolunun inkişafı, milli komandamızın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün yaxşı perspektivlər açır.
R.Mirzəyev demişdir: “Azərbaycanda idmanın inkişafının Prezident İlham Əliyev tərəfindən qoyulmuş möhkəm bünövrəsi və onun idmana xüsusi diqqət yetirməsi öz bəhrələrini verir. Odur ki, hazırda AFFA qarşısında duran başlıca vəzifə milli komandanın peşəkarlıq səviyyəsini yüksəltmək, onu keyfiyyətcə yeni pilləyə qaldırmaqdır”.