MOSKVADA İNFORMASİYA AGENTLİKLƏRİNİN ÜMUMDÜNYA KONQRESİ AÇILMIŞDIR
YUNESKO-nun baş direktoru K.Matsuura, BMT-nin baş katibi K.Annan Konqresə təbrik məktubları göndərmişlər.
Forumda Azərbaycanı AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, YUNESKO işləri üzrə Azərbaycan Milli Komissiyasının məsul katibi Ramiz Abutalıbov, AZƏRTAC-ın tərcüməçi-redaktoru Nazim Xıdırov təmsil edirlər.
Rusiya Prezidenti Vladimir Putinin forumda iştirakı onun başlıca hadisəsinə çevrilmişdir.
Rusiya dövlətinin başçısı dünya KİV-lərinin nümayəndələri ilə görüşündə bildirmişdir ki, müasir Rusiya informasiya əsrinin tələblərini qəbul etməyə hazırdır. Onun sözlərinə görə, informasiyanın yayılmasında tarazlığın pozulması problemləri BMT-nin, YUNESKO-nun və digər beynəlxalq təşkilatların daim diqqət mərkəzindədir. Vladimir Putin demişdir: “Rusiya informasiyanın hər zaman və hər bir nöqtədə alına bilinməsinə nail olmağa səy göstərir”. Rusiya dövlətinin başçısı XXI əsrin yeni təhdidlərindən danışaraq vurğulamışdır ki, kütləvi informasiya vasitələri, terrorizmlə mübarizədə səmərəli alət olmalıdır, terrorçulara hətta qeyri-iradi köməyi də istisna etməlidir. Lakin terrorizmlə mübarizə azadlığın və müstəqilliyin məhdudlaşdırılması üçün səbəb olmamalıdır. Rusiya Prezidenti demişdir ki, mətbuatın tənqidi bütün səviyyələrdə hakimiyyət üçün zəruridir və “biz əməli işdə hakimiyyət orqanlarının açıq və şəffaf fəaliyyət göstərməsinə hüquqi imkanlar yaradırıq, lakin KİV-lər də məsuliyyətli və həqiqətpərəst olmalıdırlar”.
V.Putin tədbir iştirakçılarını, dünyanın aparıcı KİV-lərini narahat edən bir çox aktual mövzulara dair kəskin suallara cavab vermişdir.
İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko öz çıxışında bildirmişdir ki, birinci Ümumdünya konqresi dünya informasiya agentlikləri arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə mühüm töhfə olacaq, habelə XXI əsrdə qlobal informasiya məkanı probleminin birgə həlli üçün yeni yollar müəyyənləşdirəcəkdir.
Konqresin iclasında müasir jurnalistikanın aktual mövzuları da müzakirə olunmuşdur. Məsələn, söz azadlığı, müəllif hüquqlarının qorunması uğrunda mübarizə, informasiyanın toplanması və yayılması prosesinin təkmilləşdirilməsi, terrorizmlə, o cümlədən informasiya terrorizminə qarşı mübarizə mövzularına toxunulmuşdur.