MOSKVADA İNFORMASİYA AGENTLİKLƏRİNİN ÜMUMDÜNYA KONQRESİNİ 200-DƏN ARTIQ JURNALİST İŞIQLANDIRIR
Konqresin rəsmi açılışı sentyabrın 25-də nəzərdə tutulmuşdur, lakin KİV-lərin nümayəndələri artıq sentyabrın 23-də Beynəlxalq Ticarət Mərkəzinə (BTM) toplaşmışlar. Konqres çərçivəsində burada kütləvi informasiya vasitələrinin nüfuzlu beynəlxalq qurumlarının Avropa İnformasiya Agentlikləri Alyansının (AİAA), MDB İnformasiya Şurasının, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) iclasları keçirilmişdir.
Rusiyanın, MDB ölkələrinin, o cümlədən Azərbaycanın, habelə Avropa, Şimali Amerika, Yaxın və Uzaq Şərqin, Afrikanın 60-dan çox KİV-inin jurnalistləri üçün mətbuat mərkəzi, mətbuat salonu ayrılmışdır və Konqresin iclasları buradan birbaşa yayımlanacaqdır. Müxbirlərin işinin operativliyini təmin etmək üçün İnternetə çıxışı olan kompüterlər və informasiyanı ötürmək üçün zəruri texnika quraşdırılmışdır. 50-dən artıq könüllü Moskva ali məktəblərinin tələbələri Konqresin təşkilatçısına – İTAR-TASS İnformasiya Agentliyinə kömək edirlər.
Elə burada, BTM-in Konqres-mərkəzində “İTAR-TASS: tarixin salnaməsi” sərgisi açılmışdır. Sərgidə köhnə teletayp və teleks müasir plazmalı monitorlarla yan-yana qoyulmuşdur. Bu monitorlara real vaxt rejimində agentliyin vahid xəbərlər lenti ilə informasiya ötürülür.
Konqresdə bütün dünyanın 100-dən artıq informasiya agentliyi, o cümlədən Assoşieyted Press, Röyter, Frans Press, DPA, EFE, Prensa Latina, Kiodo Susin, Sinxua kimi məşhur agentliklər iştirak edirlər.
Sentyabrın 26-dək davam edəcək forum BMT-nin, YUNESKO-nun, RF hökumətinin və Moskva rəhbərliyinin dəstəyi ilə təşkil olunmuşdur.