Moskvada “MDB – 30 il” beynəlxalq iqtisadi forumu keçirilib
Moskva, 12 mart, AZƏRTAC
Moskva Beynəlxalq Ticarət Mərkəzində “MDB - 30 il” beynəlxalq iqtisadi forumunun plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan MDB İcraiyyə Komitəsi sədrinin müavini Denis Trefilov MDB-yə üzv ölkələrin ötən 30 il ərzində iqtisadiyyatlarında köklü dəyişikliklərin baş verdiyini qeyd edib. O deyib: “Təəssüf ki, bu dəyişikliklər mürəkkəb şəraitdə baş verib. Lakin həmrəylik yeni imkanlar açır. 1996-2019-cu illər dövründə Birlik ölkələrində ticarət hər il cari qiymətlərdə 2,4 dəfə, yaxud 4,6 faiz artıb”.
MDB İcraiyyə Komitəsi sədrinin müavini bu il Belarus Respublikasının Müstəqil Dövlətlər Birliyində sədr olduğunu da xatırladıb. Belarus sədrliyi çərçivəsində özünün fəaliyyətinin əsas prioritetlərini - inteqrasiyanın dərinləşdirilməsi, təşkilatın beynəlxalq nüfuzunun artırılması, həm ümumi iqtisadi məkanın, həm də ayrı-ayrı sahələrdə əməkdaşlığın inkişafı üzrə iş kimi prioritetləri müəyyən edib.
Plenar iclasda MDB İqtisadi Şurasının sədri, Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko, MDB İqtisadi Şurasının üzvü, RF hökuməti sədrinin müavini Aleksey Overçuk, RF Ticarət-Sənaye Palatasının prezidenti Sergey Katırin və digərləri çıxış ediblər.
Sonda “MDB - 30 il” yubiley medalı və “MDB-nin biznes lideri” fəxri nişanı ilə təltifolunma mərasimi keçirilib.
İclasla yanaşı, onlayn formatda Sərgi marketpleysi - şirkətlər, mallar, MDB ölkələrinin regionları barədə məlumatlara malik elektron platforma, turizm konqres-marafonu, “COVID-19 koronavirus pandemiyasının dövlətlərin iqtisadiyyatında mənfi fəsadları” mövzusunda dəyirmi masa təşkil olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva