SİYASƏT
MOSKVADA MDB İQTİSADİ ŞURASININ İCLASI OLMUŞDUR
MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının Kişinyovda keçiriləcək qarşıdakı zirvə toplantısına hazırlıq çərçivəsində sentyabrın 6-da Moskvada MDB İqtisadi Şurasının (İŞ) 13-cü iclası olmuşdur. İclasda Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasov iştirak etmişdir.
İŞ-nın iclasında iqtisadiyyat sahəsində və hərbi sahədə Birlik dövlətlərinin əməkdaşlığı ilə bağlı bir sıra məsələlər müzakirə olunmuşdur. Məsələn, MDB taxıl bazarının yaradılması və fəaliyyəti proqramı layihələrinə, ekoloji monitorinq sahəsində əməkdaşlıq haqqında sazişə dəyişikliklər edilməsi haqqında protokol layihəsinə, MDB-nin hava hücumundan birləşmiş müdafiə sisteminin yaradılması və inkişafı üçün təxsisatlardan istifadə edilməsi və MDB-nin üzvü olan ölkələrin hava hücumundan müdafiə məsələləri üzrə Əlaqələndirmə komitəsinin fəaliyyətinin təmin edilməsi, Dövlətləri Müdafiə Nazirləri Şurası yanında Əlaqələndirmə komitəsinin fəaliyyətinin təmin edilməsi layihəsinə, avtomatlaşdırılmış dövlətlərarası informasiya mübadiləsi sisteminin inkişafı proqramı layihəsinə baxılmışdır. Bununla yanaşı, iclasda MDB-nin üzvü olan ölkələrdə mühacirət məsələlərinə dair dövlətlərarası sazişlərin ratifikasiyası və reallaşdırılması vəziyyəti, 2001-ci il üçün MDB orqanlarının vahid büdcəsinin yerinə yetirilməsi və MDB İŞ qərarlarının həyata keçirilməsinin gedişi barəsində məlumatlar dinlənilmişdir.
Bütün razılaşdırılmış layihələr və sənədlər dövlətlərin başçılarının oktyabr ayında Kişinyovda keçiriləcək qarşıdakı zirvə toplantısında hökumət və dövlət başçıları şuralarına təqdim olunacaqdır.
İqtisadi Şuranın növbəti, 14-cü iclasını bu il dekabrın 20-də keçirmək qərara alınmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva