Moskvada “Rusiya və Azərbaycan – dostluq, əməkdaşlıq və etimad” mövzusunda dəyirmi masa keçirilib
Moskva, 22 aprel, AZƏRTAC
Moskvada “Rusiya və Azərbaycan - dostluq, əməkdaşlıq və etimad” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masanın təşkilatçıları RF XİN Diplomatik Akademiyasının Aktual Beynəlxalq Problemlər İnstitutu və Siyasi Araşdırmalar İnstitutudur.
Tədbirdə Rusiya Dövlət Dumasının və Azərbaycan Respublikası Milli Məclisinin deputatları, senatorlar, eləcə də aparıcı ekspertlər iştirak ediblər.
Politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov tədbirdə çıxış edərək vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanı möhtəşəm Qələbə, həmçinin diplomatik uğurlarla təmin etmiş böyük dövlət xadimidir. Politoloqun fikrincə, müasir dünyanın dahi diplomatlarından biri olan Prezident İlham Əliyev ziddiyyətli mövqelər təqdim edən ən müxtəlif ölkələrlə heyranedici qarşılıqlı əlaqə nümayiş etdirir.
S. Markov Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik sazişinin əhəmiyyətinə toxunaraq deyib: “Fevralın sonunda Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətləri haqqında saziş imzalanıb, bu saziş münasibətləri yeni səviyyəyə qaldırır. Ölkələrimizin prezidentləri dostluq edir və bir dildə danışırlar. Ölkələrimiz arasında diplomatik münasibətlərin 30 ili tamam oldu, lakin xalqlarımız arasında dostluq yüz illər boyu davam edir”.
Diplomatik Akademiyanın elmi işlər üzrə prorektoru Oleq Karpoviç çıxışında bildirib ki, Azərbaycan Rusiya üçün həmişə etibarlı strateji tərəfdaş olub. Bizi ta qədimdən sıx əlaqələr birləşdirir.
O.Karpoviç Azərbaycan Prezidenti İlham Əliyevin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda pedaqoji fəaliyyəti barədə söhbət açaraq deyib: “İlham Əliyev MDBMİ-də dərs dediyi vaxtlarda artıq özünü beynəlxalq münasibətlər tarixi sahəsində çox dərin bilikli mütəxəssis kimi göstərib. Fikrimcə, MDBMİ-də qazandığı bilik və təcrübə bazası bu gün də ona fəaliyyətində və respublikada görülə bilən ən gözəl işləri qurmaqda kömək edir”.
Rusiyalı siyasi xadim Oleq Şein çıxışında deyib: “Rusiya Azərbaycanı beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində görür. Azərbaycan hər bir dildə təhsil almaq imkanı təqdim edən tolerant ölkədir. Bizim üçün çox mühümdür ki, Azərbaycanda rus dilini dəyərləndirirlər: orada tədris proqramlarının çoxu məhz rus dilindədir. Bu kontekstdə bu mövzuda hansısa fikir ayrılıqları tamamilə əsassızdır”. Oleq Şein qeyd edib ki, iqtisadi əlaqələr, o cümlədən regional səviyyədə möhkəmlənir. Əmtəə dövriyyəsi əhəmiyyətli şəkildə artıb. Bu gün turizm mövzusu da mühüm yer tutur.
“Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko çıxışında vurğulayıb ki, Azərbaycan və Rusiya arasında münasibətlər müasir dünyada örnəkdir.
Ekspert deyib: “Yeni, dəyişən dünyada dövlətlərarası diplomatik münasibətlərdə Moskva və Bakı örnək və nümunədir. Bu münasibətlərin təməli ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulub. Həm Azərbaycanın dirçəlişi, həm Azərbaycan dövlətçiliyinin yaradılması bu siyasətçinin adı ilə bağlıdır. Diplomatiya, mədəniyyət, siyasət, iqtisadiyyat sahəsində Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsi kursu Azərbaycanın hazırkı rəhbəri İlham Əliyev tərəfindən davam etdirilib. Azərbaycan təkcə effektiv siyasət, təbii ehtiyatların səmərəli istifadəsi sayəsində deyil, həm də Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri sayəsində dünyanın aparıcı ölkələri arasında layiqli yer tutub”.
İ.Korotçenko Azərbaycanın hakimiyyət orqanlarının nümayəndələrinin, xüsusən də Azərbaycan XİN-in başçısı Ceyhun Bayramovun və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rolunu da qeyd edərək deyib: “Prezident Əliyevin komandasında diplomatik istiqamətə görə cavabdeh olan belə şəxslər də Azərbaycan siyasətinin effektliliyini təsdiqləyirlər”.
Ekspert həll olunmayan məsələlərə xüsusi diqqət çəkib və Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi üçün perspektivlərə nəzər salıb. O, “3+3” platforması, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin tezliklə işə salınması çərçivəsində işi davam etdirməyin vacibliyini xatırladıb.
“Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanmasının mükəmməl formatına nail olmaq lazımdır. Moskva bu məsələdə kömək etməyə hazırdır”, - deyə İ.Korotçenko vurğulayıb.
Ekspert ümidvar olduğunu bildirib ki, Azərbaycan-Rusiya münasibətləri, o cümlədən mədəniyyət və humanitar sahələrdə bundan sonra da inkişaf edəcək. O, Moskvanın bu məsələdə maraqlı olduğunu qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva