MSTİSLAV ROSTROPOVİÇ BAKIYA GƏLMİŞDİR
Onu mədəniyyət naziri Polad Bülbüloğlu, Mədəniyyət Nazirliyinin əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri səmimiyyətlə qarşıladılar.
Maestronun bu gəlişi ölkəmizdə hər il sentyabrın 18-də - dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günündə qeyd edilən musiqi günü ilə bağlıdır. M.Rostropoviç Bakıda üç gün qalacaqdır. Onun səfər proqramı çox zəngindir – Filarmoniyada məşqlər, Musiqi Akademiyasında görüş, konsert, xeyriyyə tədbirləri. Maestro indiki səfərinin məqsədi barədə jurnalistlərin sualına cavab verərək dedi: “Mən, ilk növbədə, Bakıya, sadəcə olaraq, öz sevimli vətənimə gəlmişəm. Bu torpaqda yenidən olmağıma görə xoşbəxtəm. Hazırda çox intensiv işləyirəm. Buxarestdən, İspaniyadan iki gün əvvəl gəlmişəm. Orada konsertlər vermişəm. Burada sentyabrın 18-də musiqi günündə iştirak etmək niyyətindəyəm. Elə həmin gün biz mənim üçün çox mühüm bir hadisəni – Azərbaycan uşaqlarının vaksinlənməsi üzrə fondumun nəzərəçarpan nəticələrini qeyd edəcəyik. Bunun üçün əsas var. Biz 750 min uşağın vaksinlənməsinə nail olmuşuq. Xoşbəxtəm ki, gözəl ölkə olan Azərbaycana öz məhəbbətimi və minnətdarlığımı bu yolla ifadə edə bildim”.
M.Rostropoviç öz planlarından danışaraq, təəssüflə qeyd etdi ki, səfər proqramının zəngin olması ilə əlaqədar bu dəfə ustad dərsləri verməyə vaxt tapmayacaqdır. Axı, mütləq öz evində - Rostropoviçlər muzeyində də olmaq istəyir.
Qalina Vişnevskayanın nə səbəbdən gəlmədiyi barədə suala maestro belə cavab verdi: “O, öz teatrında yeni opera hazırlayır”.
Maestro Rostropoviç Fondunun fəaliyyətindən qısaca danışaraq, onun fəaliyyətinin davam etdiriləcəyini söylədi, yardıma görə Səhiyyə Nazirliyinin əməkdaşlarına təşəkkürünü bildirdi.