Müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri Heydər Əliyevin adı ilə bağlıdır
Bərdə, 12 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Qarabağ Regional Təhsil İdarəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ ) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.
Qarabağ Regional Təhsil İdarəsində davam edən tədbirdə iştirakçılar Ulu Öndər Heydər Əliyevə həsr olunmuş foto və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Azərbaycanın dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükut ilə yad edilib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında, Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri Heydər Əliyevin adı ilə, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır.
ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxışında Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən Bərdə rayon Məmmədli kənd tam orta məktəbin direktoru Elçin Cəfərzadə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri olan Füzuli rayonu Horadiz qəsəbə 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Dəniz Qarayeva, Ağdam rayonu Əhmədağalı kənd tam orta məktəbinin XI sinif şagirdi Əsli Babayeva Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən "Əsrin adamı" adlı sənədli filmin nümayişi ilə başa çatıb.