MÜDAFİƏ NAZİRİ ABŞ-IN SİLAHLI QÜVVƏLƏRİ AVROPA KOMANDANININ MÜAVİNİNİ QƏBUL ETMİSDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonaq bu yaxınlarda Bakıda NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində keçiriləcək “Kooperativ Best Effort-04” səhra təliminə hazırlığın gedişi ilə tanış olmuşdur.
General Ç.Uold bu təlimin uğurla keçəcəyinə inandığını söyləmişdir.
General-polkovnik Səfər Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və burada baş verən son hadisələr barəsində qonaqla fikir mübadiləsi aparmışdır.
Müdafiə naziri Azərbaycan-ABŞ münasibətlərinə toxunaraq bildirmişdir ki, ölkəmiz Amerika Birləşmiş Ştatlarını strateji müttəfiqi hesab edir və onunla bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlığı da davam etdirir. Nazir regionda davam edən münaqişələrin, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin hələ də öz həllini tapmamasından xalqımızın narahat olduğunu bildirmişdir. Bu münaqişənin Bakı-Tbilisi-Ceyhan və başqa iqtisadi layihələrin həyata keçirilməsinə mənfi təsir etdiyini vurğulayaraq demişdir: “Bu problemi tezliklə həll etmək lazımdır. Hamı bilməlidir ki, Azərbaycan bir qarış torpağını da heç kəsə verməyəcəkdir”.
General Ç.Uold bildirmişdir ki, “siz doğru buyurursunuz. Cənubi Qafqazda həll edilməmiş problemlər çoxdur. Ermənistan-Azərbaycan münaqişəsi də buraya aiddir. Bu münaqişə beynəlxalq miqyasda öz həllini tapmalıdır. ABŞ, Rusiya və Türkiyə də bu məsələnin həllində yaxından iştirak etməlidir. Terrorizmə qarşı birlikdə mübarizə aparmaq lazımdır. Hamımız birgə bu məsələnin həllində iştirak etməliyik. Sizin ölkənin problemləri tezliklə həll edilməlidir və regionda iqtisadi çiçəklənmə başlanmalıdır.
Çarlz Uold ölkələrimizin hərbi əlaqələrinin inkişafına münasibət bildirərək qeyd etmişdir ki, ABŞ Azərbaycanla müdafiə sahəsində əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlıq genişlənəcəkdir.
Tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri haqqında ətraflı fikir mübadiləsi etmiş, beynəlxalq terrorizmə qarşı mübarizənin gücləndirilməsinin zəruri olduğunu vurğulamışlar.
Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş iştrak etmişdir.