Müharibə əlilləri və veteranlarına hüquqi yardım göstərmək üçün kurslar təşkil edilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Vətən müharibəsində sağlamlığını itirmiş müharibə əlilləri və veteranlar arasında psixoloji travma almış döyüşçülərə yardım göstərmək məqsədilə psixoloji-reabilitasiya kursları təşkil olunub. Kursları “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu keçirib.
Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihənin rəhbəri Rasim Mirzəyev öz çıxışında bildirib ki, həyata keçirilən layihənin əsas məqsədi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində döyüşərək sağlamlığını itirmiş müharibə əlilləri və veteranlarına dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi-reabilitasiya və sosial təminatın həyata keçirilməsi ilə bağlı hüquqi kömək göstərməkdir.
Fondun prezidenti Sərraf Orucov çıxış edərək layihə ilə əlaqədar görüləcək işlər barədə məlumat verib.
Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Hikmət Ağayev, “Modern İnkişaf və Ailə” İctimai Birliyin sədri, tibb elmlər doktoru Zərifə Quliyeva, “Dünya Ana və Uşaqların İctimai Birliyi”nin sədri Dünyaxanım Əliyeva, “Zəfər Yolu” İctimai Birliyinin sədri Pərvanə Salmanqızı ölkəmizdə müharibə əlillərinə və veteranlara göstərilən tibbi, psixoloji-reabilitasiya problemləri ilə əlaqədar görülən işlərdən danışıb və layihəni müsbət dəyərləndiriblər.
Layihənin həkim-psixoloqu İbrahim Əsədli psixoloji-reabilitasiya kurslarında iştirak edən müharibə əlilləri və veteranların suallarını cavablandırıb.
İki günlük psixoloji-reabilitasiya kurslarında 30 müharibə əlili və veteranı ilə ayrı-ayrılıqda tibbi-psixoloji söhbətlər aparılıb, məsləhətlər verilib.