Mühasibat məlumatlarının məxfiliyinin qorunması qaydalarında dəyişikliklər ediləcək
Bakı, 17 noyabr, AZƏRTAC
Kommersiya təşkilatlarının maliyyə hesabatlarının təqdim və dərc olunması, mühasibat məlumatlarının məxfiliyinin qorunması qaydalarında dəyişikliklər ediləcək.
AZƏRTAC xəbər verir ki, bu, noyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin iclasında müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, mühasibat uçotu sənədlərində dövlət sirri və (və ya) kommersiya sirri hesab edilən məlumatlar olduqda, bu məlumatların açıqlanması “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçiriləcək.
Qeyd edək ki, qanun layihəsi maliyyə hesabatları və mühasibat uçotu sənədləri təqdim edilərkən dövlət və ya kommersiya sirri hesab edilən məlumatların qorunmasının tənzimlənməsi məqsədilə hazırlanıb.
Həmçinin qanun layihəsi iqtisadi sahədə dövlət sirrini təşkil edən məlumatların dairəsini dəqiqləşdirir və buraya hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələrlə yanaşı, eyni zamanda, bu məhsulların ixracını, satışını həyata keçirən, həmçinin bu işi təşkil edən müəssisələri və onların maliyyə hesabatlarını da aid edir.