Mülki silahın saxlanılması qaydalarını pozanlar müəyyən olunub
Bakı, 17 noyabr, AZƏRTAC
Balakən, Qəbələ və Ağdaşda polis əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, mülki silahın saxlanılması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər keçirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətində keçirilən tədbirlər nəticəsində rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Həmçinin rayonun Mahamalar kəndi ərazisindən bir ədəd tüfəng tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabr-noyabr ayları ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində isə vətəndaşlardan müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 9 ədəd müxtəlif markalı tüfənglər aşkarlanaraq götürülüb.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı isə mülki silahın saxlanılması qaydalarını pozan iki nəfər rayon sakini müəyyən edilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.