MƏDƏNİYYƏT
“MÜQƏDDƏS SƏRHƏDLƏRİMİZİN KEŞİYİNDƏ” MÖVZUSUNDA MÜSABİQƏYƏ YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, avqustun 16-da Dövlət Sərhəd Xidmətinin (DSX) Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində Sərhəd Qoşunlarının yaradılmasının 89-cu ildönümünə həsr olunmuş “Müqəddəs sərhədlərimizin keşiyində” mövzusunda müsabiqəyə yekun vurulmuşdur.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən DSX-nin rəis müavini general-mayor Asif Cəbrayılov ölkəmizdə yaradıcılıq üçün əlverişli şəraitin olduğunu vurğulayaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyev mədəniyyət və incəsənət işlərinə həmişə qayğı ilə yanaşmış, onların əməyini yüksək qiymətləndirmişdir.
Dövlət Sərhəd Qoşunlarının tarixi barədə iştirakçılara məlumat verən A.Cəbrayılov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin də yaradıcı insanlara göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Natiq qeyd etmişdir ki, Dövlət Sərhəd Xidmətinin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi prioritet sahələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif yaradıcılıq müsabiqələrinin təşkili xüsusi yer tutur. Hər il olduğu kimi, bu il də Sərhəd Qoşunlarının yaradılmasının ildönümü münasibətilə “Müqəddəs sərhədlərimizin keşiyində” mövzusunda kino, təsviri sənət, foto nominasiyalarında və sərhədyanı kəndlərin orta məktəb şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqədə ölkəmizin peşəkar və həvəskar rəssamları, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, sərhədyanı rayonların ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişlər.
Bildirilmişdir ki, müsabiqəyə təqdim olunmuş çoxsaylı rəsmlər, filmlər və inşa yazıları yaradıcı insanlarda müsabiqə böyük maraq doğurmuşdur. Təqdim olunmuş əsərlərin janrları da, müəlliflərin yaş, təhsil, peşəkarlıq səviyyəsi və sosial mənşəyi də müxtəlifdir. Əsərlərin ən yaxşıları münsiflər heyəti tərəfindən seçilmiş və mükafatlara layiq görülmüşdür.
Qeyd olunmuşdur ki, belə müsabiqələr Dövlət Sərhəd Xidmətinin inkişafının, sərhədlərimizin qorunmasında göstərilən fədakar xidmətlərin tərənnüm edilməsində xüsusi rol oynayır, sərhədçi peşəsinə olan rəğbət və marağı artırır, Vətənə böyük məhəbbət hissi aşılayır.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov qalibləri və digər iştirakçıları təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamışdır.
Sonra qaliblərə mükafatlar təqdim olunmuş, təsviri sənət nümunələri nümayiş etdirilmişdir.
######