Musa Qasımlı: Litva ilə əməkdaşlıq işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsində faydalı olacaq
Bakı, 23 may, AZƏRTAC
Prezident İlham Əliyevin Litva Respublikasına səfəri, keçirilən danışıqlar, biznes forum və imzalanan sənədlər uğurlu olub, ikitərəfli və çoxtərəfli əməkdaşlıq üçün yaxşı imkanlar açır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Onun sözlərinə görə, bu səfər iki ölkə arasında münasibətlərin hələ istifadə edilməmiş böyük potensialı və perspektivləri olduğunu göstərir.
“Xalqlarımız və ölkələrimiz arasında münasibətləri bir sıra amillər şərtləndirir. Tarixən yaxşı əlaqələrimiz olub. Azadlıq istəyi xalqlarımızın bərabər addımlamasına gətirib çıxarıb. İkitərəfli münasibətlərin inkişafı çoxtərəfli formatda da imkanlar yaradır. Avropa İttifaqının üzvü olan Litva ilə əməkdaşlıq Azərbaycan üçün faydalıdır. Səfər zamanı keçirilən biznes forumda dövlət başçılarının çıxışları göstərdi ki, tərəflər işgüzar əməkdaşlığa üstünlük verirlər. İqtisadi, enerji sahəsində əməkdaşlığın imkanları böyükdür. Prezident İlham Əliyevin buradakı çıxışı əməkdaşlığın yol xəritəsi sayıla bilər. Litva ilə əməkdaşlıq işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsində faydalı olacaq. Cənubi Qafqazın qüdrətli, Şərqin isə nüfuzlu dövləti olan Azərbaycan Respublikası ilə əməkdaşlıq Litva Respublikasının da xeyrinədir”, - deyə Musa Qasımlı bildirib.