CƏMİYYƏT
Mustafa Abbasbəyli: Media cəmiyyətin dövlətlə ünsiyyətində çox ciddi alətə çevrilib

Bakı, 29 noyabr, AZƏRTAC
Bu gün media həyatımızın hər bir sahəsinə daxil olub. Media ölkənin inkişafında cəmiyyətin dövlətlə ünsiyyətində çox ciddi alətə çevrilib. Bu, hər zaman belə olub, amma bu gün özünü daha qabarıq göstərir. Texnologiyanın, sosial medianın inkişafı medianı tamamilə fərqli müstəviyə gətirib çıxarıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Yeni media mühitində təhsil və məşğulluq imkanları”, “MEDİAlab” layihəsinin hesabat konfransında deyib.
Əmək bazarının ciddi transformasiyasının həyata keçirildiyini bildirən M.Abbasbəyli qeyd edib: “Əmək bazarında qarşımızda çox ciddi çağırışlar dayanır. Kadr qıtlığının dünya bazarına çox ciddi fəsadları var. Bu məsələ mediadan da kənar deyil. Əmək bazarının inkişafı üçün əhalinin layiqli məşğulluğu məsələsi dövlətimizin başçısı tərəfindən qarşımıza məqsəd kimi qoyulub. Bu da bizim üçün ciddi tapşırıqlar müəyyən edir”.