Muxtar respublikada standartlara uyğun fəaliyyət təşviq olunur
Naxçıvan, 17 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ötən ay məhsul nümunələrinin 81 halda, o cümlədən qida məhsullarının 78 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin edilib.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikaya idxal edilən uşaq qidalarının laboratoriya analizləri aparılaraq keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanıb, yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 91 qida istehsalı müəssisəsinə baxış keçirilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Eyni zamanda, meyvə-tərəvəzlərdən hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması məqsədilə sertifikatlaşdırma prosedurları və monitorinqlər üzrə məhsulların 23 halda standartlara uyğunluğu yoxlanılıb və nöqsan aşkar olunmayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-cü il fevralın 21-də “Tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri” barədə keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası istiqamətində muxtar respublikada istehsal olunan tikinti materiallarının 3 halda keyfiyyət göstəriciləri yoxlanılıb, nəticələrin standartların tələblərinə uyğunluğu müəyyən edilib və müvafiq məhsullar sertifikatlaşdırılıb. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində bal məhsullarının 1 halda laboratoriya analizləri aparılıb, sınaqların nəticələrinin standartlara uyğunluğu müəyyən edilib. “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində iyun ayında ümumilikdə 3 ailə təsərrüfatına istehsal etdikləri məhsulların etiketlərinin hazırlanmasında müvafiq köməkliklər göstərilib. Ötən ay ev şəraitində araq istehsalı ilə məşğul olan bir yeni ailə təsərrüfatında minifiltr qurğusu quraşdırılıb və müvafiq ailə təsərrüfatlarının sayı 32-yə çatdırılıb.
Alkoqollu içkilər istehsal edən 3 müəssisədə istehsal olunan arağın 2 halda və pivənin 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartların tələblərinə uyğunluğu müəyyən edilib. 59 bərbərxanaya, 39 ət satışı mağazasına, 98 ictimai iaşə və xidmət sahəsinə, 148 ərzaq mağazasına və 10 topdansatış obyektinə maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilib. Ümumilikdə 30 təsərrüfat subyektində, o cümlədən 16 istehsal müəssisəsi, 6 ictimai iaşə və xidmət sahəsi, bir ət satışı mağazası, 3 topdansatış obyekti və 4 bərbərxanada təmir işləri aparılıb. İyun ayında meteoroloji norma və qaydalara uyğun olaraq 318 ölçmə vasitəsi yoxlanılıb.
Muxtar respublikada istehsal olunan məhsulların markalanmasına nəzarət məqsədilə 6 istehsal müəssisəsində maarifləndirmə xarakterli monitorinqlər aparılıb, 4 müəssisədə istehsal olunan məhsulların etiketlərində orfoqrafik səhvlərin olduğu və standartların tələblərinin pozulduğu aşkarlanıb, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təsərrüfat subyektləri məlumatlandırılıb. “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndlərinin icrası istiqamətində təsərrüfat subyektləri ilə 18 halda abonent müqaviləsi bağlanaraq istehsal olunan məhsulların ixrac olunacaq ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, zərurət olduqda ixrac olunan məhsulların partiyalarla sertifikatlaşdırılmasının təmin edilməsi, təsərrüfat subyektlərinə məxsus əmtəə nişanlarının məhsul ixrac ediləcək ölkələrdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı vasitəsilə beynəlxalq mühafizəsi üçün informativ xidmətlər haqqında məlumatlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb. Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin edilir. “Naxçıvan məhsulları” mağazalar şəbəkəsi vasitəsilə satılan məhsulların aylar üzrə uçotu aparılmaqdadır.
Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə 7 məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 6 məişət qaz cihazının idxalına və satışına icazə verilməyib. Muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.