Muzey əməkdaşlarının məqaləsi beynəlxalq konfransın toplusuna daxil edilib
Bakı, 13 may, AZƏRTAC
Peterburq İudaika İnstitutu və Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Tarixi İnstitutunun birgə təşkil etdiyi “Yəhudilər dünya tarixi, mədəniyyəti və siyasətində” adlı beynəlxalq konfransın materialları işıq üzü görüb. Topluya AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov və həmin şöbənin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fuad Ağayevin həmmüəllifi olduğu “XIX əsrin ikinci yarısında - XX əsrin əvvəllərində Bakı şəhərinin ictimai və mədəni həyatında yəhudi icmasının rolu” adlı məqaləsi də daxil edilib. Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Bildirilib ki, Milli Azərbaycan Tarixi Muzeyinin zəngin fondlarında qorunan sənədli mənbələr və fotomateriallar əsasında yazılan məqalədə XIX əsrin ikinci yarısında - XX əsrin əvvəllərində Bakı şəhərində yəhudi icması nümayəndələrinin tibb, mədəniyyət və memarlıq sahəsinə verdiyi töhfələr geniş şəkildə təsvir olunub.