Muzeydə Səfəvilər dövrünə aid gümüş sikkələr qorunur
Bakı, 15 may, AZƏRTAC
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Səfəvilər dövrünə aid gümüş (şahı, abbası, muhəmmədi, larin) və mis (qazıbəyi) sikkələr qorunur. Muzeydən AZƏRTAC-a bildirilib ki, bu sikkələrə hicri-qəməri təqviminə müvafiq zərb ili (rəqəmlərlə), zərbxana, Səfəvi hökmdarlarının titulları və müxtəlif dini ifadələr həkk edilib.
Rus dilində nəşr olunmuş “Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi” əsərində muzeyin fond materiallarına istinadən Səfəvi sikkələrinin topoqrafiyası, xüsusiyyətləri, zərb texnikası və sair məsələlər araşdırılıb. Həmçinin xarici ticarət əlaqələri nəticəsində Səfəvilər dövlətinə daxil olan Avropa sikkələri (Macarıstan, Venesiya və digər qızıl dukatları, Burqundiya, Prussiya, Saksoniya, Avstriya, Moraviya, Tirol, Polşa gümüş talerləri) haqqında məlumat verilib.
Səfəvi sikkələri dövrün zərbxanaları (Təbriz, İsfahan, Şamaxı, Dərbənd, Naxçıvan, Ərəş, Zəyəm, Marağa, Ərdəbil, Şabran, İrəvan, Ordubad, Tiflis, Gəncə və s.) və pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edən faktiki tapıntılardır.