Naftalanda bahar bayramı şəhid və qazi ailələri ilə birgə qeyd olunub
Naftalan, 13 mart, AZƏRTAC
Naftalanda Novruz bayramı münasibətilə Yel çərşənbəsi günü bayram tədbiri təşkil olunub. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, YAP Naftalan şəhər təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağsaqqallar Şurasının sədri, şəhid və qazi ailələri, turistlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə müasir Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən şəhər rəhbəri Vüqar Novruzov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək vurğulayıb ki, torpaqlarımız azadlığına qovuşduqdan sonra dövlət başçımız Novruz tonqalını cənnət Qarabağda – Şuşada, Suqovuşanda və digər dilbər guşələrdə alovlandırıb. Bu, bir daha qalibiyyətin təntənəsi olmaqla yanaşı, həm də ulu əcdadlarımızın xatirəsinə, xüsusilə də Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənələrə dərin ehtiramın əlamətidir.
Şəhid ailələri, qazilər hər zaman qayğı ilə əhatə olunduqlarına görə öz minnətdarlıqlarını bildiriblər. Bu kimi tədbirlərin keçirilməsinin onlara göstərilən yüksək diqqətin nümunəsi olduğunu vurğulayıblar.
Tədbir Novruz tonqalı ətrafında turistlərin əhatəsində böyük coşqu ilə davam etdirilib. Kosa və Keçəlin uşaqlarla şən zarafatları şənliyə xüsusi rəng qatıb.