“Napoli” İtaliya kubokunun finalına vəsiqə qazanıb
Bakı, 14 iyun, Nicat Məmmədov, AZƏRTAC
İyunun 13-də futbol üzrə İtaliya kubokunun ikinci yarımfinal oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “San-Paolo” stadionunda reallaşan oyunda “Napoli” klubu “İnter” komandasını qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Oyunda hesabı “İnter”in yarımmüdafiəçisi Kristian Eriksen açıb. O, ikinci dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib. Lakin “Napoli”nin hücumçusu Dris Mertens fasiləyə qədər hesabı bərabərləşdirib.
Bu komandaların arasında fevralın 12-də, Milanda baş tutan il “Napoli” 1:0 hesablı qələbə qazanmışdı. Beləliklə, iki oyunun nəticəsinə əsasən “Napoli” finala vəsiqə qazanıb.
Neapol təmsilçisi həlledici görüşdə Turinin “Yuventus” komandası ilə üz-üzə gələcək. Xatırladaq ki, “Yuventus” iyunun 12-də “Milan” komandasında iki oyunun nəticəsinə əsasən üstün olub (1:1, 0:0).
Final görüşü iyunun 17-də Romanın “Olimpiko” stadionunda baş tutacaq.