NARKOTİK QAÇAQMALÇILIĞI İLƏ MƏŞĞUL OLAN CİNAYƏTKAR QRUPLAR TUTULARAQ İSTİNTAQA CƏLB EDİLMİŞDİR
Problem ölkəmiz üçün də aktualdır. Mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycanın ərazisindən narkotiklərin daşınması üçün beynəlxalq tranzit kanallarından biri kimi istifadə olunmasına göstərilən cəhdlər, ölkəmizdə narkomanlığın miqyasının genişlənməsi təhlükəsi ciddi narahatlıq doğurur. Bu amillər və ümumən narko-vəziyyətin təhlili nəzərə alınmaqla Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsinə yönələn qanunçuluq bazasının təkmilləşdirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, ölkədə hüquq mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına ciddi diqqət yetirilir.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən sosial sahədə milli maraqların qorunmasının təmin edilməsi məqsədi ilə ölkədəki narkotik vəziyyətin də ciddi nəzarətdə saxlanılması, bu məzmunda cinayətlərin aşkarlanması və açılması üçün zəruri tədbirlər görülür.
Son iki ayda keçirilmiş əməliyyat-axtarış tədbirləri narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bir neçə cinayətin açılması, “İran-Azərbaycan-Rusiya” və “İran-Azərbaycan-Gürcüstan” marşrutları üzrə narkotik vasitələrin qanunsuz daşınmasına cəhd göstərən cinayətkar qrupların ifşa olunaraq zərərsizləşdirilməsi ilə nəticələnmişdir.
Bu il avqustun 13-də Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportunda “Bakı-Novosibirsk” reysi ilə ölkəmizi tərk etmək istəyən Astara rayon sakini Hüsaməddin Fərhad oğlu Məlikov şübhəli şəxs qismində saxlanılmış, tibbi yoxlama zamanı onun daxili orqanlarında 195 ədəd kiçik həcmli zərflərə qablaşdıraraq udduğu 762 qram tiryək aşkar edilmişdir.
Operativ surətdə həyata keçirilən tədbirlər nəticəsində dəstənin digər üzvləri - Lənkəran şəhər sakini Şükür Rəcəb oğlu Məhərrəmov da yaxalanmış, ondan 275 qram tiryək götürülmüşdür. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsində fakt üzrə cinayət işi başlanmışdır.
Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri ilə 2004-cü il avqustun 16-da Əli Bayramlı şəhər sakini, 1964-cü il təvəllüdlü İmran Xankişi oğlu Abdullayev yaxalanmış, onun üstündə 470 qram tiryək aşkarlanmışdır. Avqustun 30-da isə Füzuli rayonunun Böyük Bəhmənli kəndinin sakini Elxan Elman oğlu Məmmədov tutulmuş, ondan İrandan qaçaq yolla gətirilmiş 2 kiloqram 20 qram marixuana götürülmüşdür.
Hər iki fakt üzrə toplanmış materiallar Daxili İşlər Nazirliyinə göndərilmişdir.
Alınmış əməliyyat məlumatları əsasında bu il sentyabrın 8-də Ağcabədi rayonunun Avşar kənd sakini, 1965-ci il təvəllüdlü Əvəz Rəşxan oğlu Rüstəmovun idarə etdiyi 10 JF 543 dövlət nömrə nişanlı “KamAZ” markalı avtomaşın Tovuz rayonu ərazisində saxlanılmış, baxış zamanı nəqliyyat vasitəsinin salonundan 1 kiloqram 395 qram heroin aşkarlanaraq götürülmüşdür. Qrupun digər üzvləri – Qazax şəhər sakinləri Fikrət Paşa oğlu Qasımov və Nüsrət Paşa oğlu Qasımov qardaşları həmin gün Qazax rayonu ərazisində tutulmuşlar.
Cinayətkar aləmdə “Qidi” ləqəbi ilə tanınan Fikrət Qasımov yaxalanarkən müqavimət göstərmiş, Milli Təhlükəsizlik Nazirliyinin və Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarına odlu silahdan atəş açmışdır. Görülmüş səriştəli tədbirlər nəticəsində Fikrət Qasımov tərksilah olunmuş, təhlükənin qarşısı alınmışdır. Fikrət və Nüsrət Qasımov qardaşlarının mənzillərinə baxış keçirilmiş, “Makarov” tipli 2 tapança, 522 qram heroin, 28,6 qram tiryək, 173,5 qram həşiş və 42 qram marixuana aşkar edilərək götürülmüşdür.
Bu il sentyabrın 12-də isə bu cinayətkar qrupun digər üzvləri – Göyçay və Beyləqan rayonlarında gizlənib məsuliyyətdən yayınmaq istəyən Ağcabədi rayonunun Aşağı Avşar kəndinin 1959-cu il təvəllüdlü sakini Qaçay Xasay oğlu Səfiyev və Avşar kənd sakini, 1957-ci ildə anadan olmuş Zeyniş Şavahat oğlu Hüseynov da yaxalanmışlar.
Fakt üzrə cinayət işi başlanmışdır.
Respublikanın Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq qrupu cinayətin bütün hallarının araşdırılması və cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilib tutulması üçün istintaq hərəkətlərini və əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.