Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər yaxalanıb
Bakı, 17 iyul, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş C.Süleymanov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 27 qramdan çox heroin aşkarlanıb. Davam etdirilən tədbirlər nəticəsində ona narkotik vasitəni satmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Bünyadov da polis əməkdaşları tərəfindən yaxalanıb. Onun evindən 897 qrama yaxın heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.