Narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı azalıb
Bakı, 12 may, AZƏRTAC
Ötən ilin birinci rübü ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 31, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 147, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 30 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 204 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 619 kiloqram 890,876 qram artıb. O cümlədən narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 108, digər növ cinayət faktların sayı 6, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 2, qrup halında olan cinayətlərin sayı isə 9 fakt azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü ilin yanvar-aprel aylarının yekununa dair məlumatda öz əksini tapıb.
Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 27 min 140 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 946 nəfərindən 515-nin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.