“NASA Space Apps Challenge” hakatonunun Azərbaycandan olan qalibləri qlobal mərhələyə yüksəlib
Bakı, 3 noyabr, AZƏRTAC
“İnnovasiyalar Mərkəzi”nin təşkilati dəstəyi ilə Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası (AREA) tərəfindən “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzində reallaşdırılan “NASA Space Apps Challenge” hakatonunun qalibləri qlobal mərhələyə yüksəlib.
AREA-dan AZƏRTAC-a bildirilib ki, 350 şəhərdə keçirilən qlobal layihədə 3 komanda - “Optimum”, “Proxima”, “PlatonTech” Azərbaycanı təmsil edir. Qlobal mərhələdə 580-dən çox komanda qalib olmaq uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, hakatonun məqsədi qlobal əhəmiyyətli prioritet istiqamətlərdə qeyd olunan mövzulara dair açıq mənbəli həllər yaratmaq, müvafiq sahələrin elmi tədqiqinə maraq oyatmaq, yeni nəsil alimlərin, texnoloqların, dizaynerlərin və mühəndislərin böyüməsini və müxtəlifliyini təşviq etməkdir.