Nasar Hayat: FAO Azərbaycanın ərzaq siyasətinin daha effektiv olmasına dəstək verməyə hazırdır
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycanda qida istehlakı ilə bağlı genişmiqyaslı məlumat bazasının yaradılmasına dair yeni bir layihənin açılış mərasimi keçirilir. Bu layihə qida istehlakı vərdişlərinin tədqiqi və onların insan sağlamlığına, səhiyyə sisteminə və ölkə iqtisadiyyatına təsirlərinin qiymətləndirilməsi məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, insan orqanizmi qida vasitəsilə aldığı maddələr əsasında formalaşır və sağlam həyat tərzi üçün düzgün qidalanma vacib amillərdən biridir: “Qida istehlakı və onun insan sağlamlığına təsiri strateji əhəmiyyət daşıyan bir sahədir. Sağlam və balanslı qidalanma cəmiyyətin rifahına, xəstəliklərin profilaktikasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. Bu səbəbdən də FAO olaraq qida istehlakı ilə bağlı məlumatların toplanması, təhlili və bu sahədə düzgün qərarların verilməsinə töhfə verəcək bir sistemin qurulmasına dəstək verməkdən məmnunuq”.
N.Hayat diqqətə çatdırıb ki, yeni yaradılacaq məlumat bazası ölkə üzrə qida istehlakı trendlərini analiz edərək siyasətçilər, səhiyyə və qida təhlükəsizliyi sahəsində çalışan mütəxəssislər üçün elmi əsaslı qərarvermə mexanizmlərinin təkmilləşdirilməsinə şərait yaradacaq: “Layihə çərçivəsində müxtəlif bölgələrdə əhalinin qidalanma vərdişləri araşdırılacaq, eləcə də ərzaq təhlükəsizliyi və qidalanma keyfiyyəti ilə bağlı göstəricilər təhlil ediləcək. FAO Azərbaycan hökuməti və yerli tərəfdaşlarla əməkdaşlıq edərək layihənin uğurla icra olunması və əldə edilən məlumatların siyasət formalaşdıran qurumlar üçün etibarlı mənbəyə çevrilməsi istiqamətində iş aparacaq. Layihənin nəticələri, həmçinin səhiyyə sisteminin planlaşdırılmasına və əhalinin sağlam qidalanmaya dair maarifləndirilməsinə töhfə verəcək”.
“FAO olaraq biz inanırıq ki, bu təşəbbüs yalnız qida təhlükəsizliyinin təmin olunmasına deyil, eyni zamanda, davamlı inkişaf hədəflərinə nail olunmasına da töhfə verəcək. FAO və tərəfdaşları bu istiqamətdə fəaliyyətlərini davam etdirərək Azərbaycanın ərzaq siyasətinin daha effektiv və elmi əsaslı olmasına dəstək verməyə hazırdır”, - deyə Nasar Hayat əlavə edib.