NATO HƏFTƏSİ ÇƏRÇİVƏSİNDƏ BAKIDA “BÖHRANLARIN İDARƏ EDİLMƏSİ” MÖVZUSUNDA NÖVBƏTİ YAY SESSİYASININ AÇILIŞI KEÇİRİLƏCƏKDİR
İyunun 16-dan 27-dək Bakıda növbəti NATO həftəsi keçiriləcəkdir. Artıq 5 ildir ki, ölkəmizdə NATO həftəsi Azərbaycanın Xarici İşlər Nazirliyi və NATO-nun İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə keçirilir. NATO ilə bağlı müxtəlif tədbirləri özündə birləşdirən bu həftənin keçirilməsindən başlıca məqsəd ölkə ictimaiyyətini NATO və onun Avratlantik məkanın təhlükəsizliyinin təminatında oynadığı rol, Azərbaycanın NATO ilə münasibətləri haqqında məlumatlandırmaqdan ibarətdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həftə çərçivəsində iyunun 16-da Bakıda NİSA-nın (Azərbaycanda NATO Beynəlxalq Məktəbi) “Böhranların idarə edilməsi” mövzusunda növbəti yay sessiyasının açılış mərasimi keçiriləcəkdir.
İyunun 21-dək davam edəcək yay sessiyasının açılış mərasimində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, NATO və Tərəfdaş ölkələrin Bakıdakı səfirləri və NATO-nun Əməliyyatlar Bölməsinin planlaşdırma şöbəsinin rəhbəri Dieqo Ruiz Palmer iştirak edəcəklər.
Sessiyada böhran anlayışına nəzəri və praktiki yanaşmalar, böhranlar və onların idarə olunması üzrə aparılan əməliyyatların formaları, böhranların idarə olunması əməliyyatlarında beynəlxalq təşkilatların rolu, mülki-hərbi əlaqələr, bu məsələdə media və QHT-lərin rolu, NATO və digər təşkilatların böhranları idarəetmə sistemi, böhranlara cavab əməliyyatları və digər məsələlər müzakirə olunacaqdır.
Sessiyada NATO üzv və tərəfdaş dövlətlərinin 15-dən artıq aparıcı eksperti tərəfindən mühazirələr oxunacaqdır. Mühazirələri müxtəlif ölkələrdən, o cümlədən ABŞ, Belçika, Polşa, İtaliya, Argentina, Meksika, Türkiyə və digər ölkələrdən gələn 70 nəfərə yaxın gənc mütəxəssis, Azərbaycanın Xarici İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirliklərinin əməkdaşları və müvafiq nazirliklərin akademiyalarının müdavimləri dinləyəcəklər.