NATO SİYASİ QURUM KİMİ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
Son dövrlər NATO-nun siyasi qurum kimi də fəaliyyət göstərməsi barədə məlumatlar yayılır. Hətta NATO-nun BMT-dən güclü struktur olacağı barədə də fikirlər səslənir.
NATO-nun Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə informasiya və mətbuat ofisinin Bakıda səfərdə olan nümayəndəsi Yeter Yaman AZƏRTAC-ın müxbirinə demişdir kİ, 11 sentyabr terror aksiyasından sonra terrorizmə qarşı mübarizə NATO-nun fəaliyyətinin əsas istqamətlərindən birinə çevrilmişdir. Azərbaycanın da terrorizmə qarşı mübarizə aparması və Bakıda terrorizm və insan hüquqları mövzusunda beynəlxalq konfransın keçirilməsinə razılıq verməsi alyans tərəfindən yüksək qiymətləndirilir.
NATO-nun siyasi fəaliyyətinə gəldikdə isə alyans terrorizmə qarşı mübarizə məqsədi ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Sovetlər birliyi dağıldıqdan və Berlin divarları uçurulduqdan sonra NATO bir sıra ölkələrə dost əli uzadaraq yardımlar göstərdi. Həmin dövrdən başlayaraq alyansla bağlı formalaşmış düşmən obrazı dost, sülhə dayaq dura biləcək qüvvətli bir qurum obrazı ilə əvəzlənməyə başladı. NATO təkcə əsgəri qurum kimi yox, həm də siyasi qurum olaraq fəaliyyətini genişləndirir. Bu isə yəqin ki, diqqətdən kənarda qala bilməz.
Azərbaycan MEA İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev isə demişdir ki, Qərb politoloqlarının fikrincə BMT öz əhəmiyyətini itirmək üzrədir. BMT-nin qərarına zidd olaraq İraqda başlayan əməliyyatlar və ümumiyyətlə BMT TŞ-nin 70-dən çox qətnaməsinin, o cümlədən, Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin bu günə qədər yerinə yetirilməməsi onlara belə fikir yürütməyə əsas verir. İndi dünyada yeni hüquqi situasiya yaranıb və biz bundan istifadə etməliyik.