NAXÇIVAN DİN-DƏ ƏMƏLİYYAT MÜŞAVİRƏSİ
Azərbaycan Prezidenti Heydər Əliyevin dövlət strukturlarının rəhbərlərinə verdiyi tapşırığa əsasən, daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 29-da Naxçıvanda Muxtar Respublika daxili işlər orqanlarının rəhbər heyəti ilə əməliyyat müşavirəsi keçirmişdir.
Daxili işlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Ramil Usubov müşavirədə Naxçıvana son səfərindən keçən dörd ay ərzində görülmüş işlərə yekun vurmuş, Muxtar Respublika Daxili İşlər Nazirliyinin cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin qorunması sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirmiş, eyni zamanda yol verilmiş bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrini vermişdir.
Ramil Usubov Muxtar Respublika DİN-in maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə ona bir ədəd yanğınsöndürən və iki ədəd minik avtomobili verildiyini müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
Daxili işlər naziri həmin gün Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi hissəsinin şəxsi heyəti ilə də görüşmüş, hərbi qulluqçuların fəaliyyətinin və peşəkarlığının, vətənpərvərlik hisslərinin yüksəldilməsi sahəsində görülən tədbirlərlə və əsgərlərə yaradılan şəraitlə tanış olmuşdur.