Naxçıvan Dövlət Universitetində Beynəlxalq Ana Dili Günü qeyd edilib
Naxçıvan, 18 fevral, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-nəzəri seminar olub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev Azərbaycan dilinin inkişafı və qrammatikasından, dilin bir millətin, xalqın həyatında önəmindən bəhs edib. Bildirib ki, Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilib və 2000-ci il fevralın 21-dən qeyd olunur.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründən başlayaraq Azərbaycan dilinin inkişafı istiqamətində məqsədyönlü iş aparıb və dövrün tələblərini nəzərə alaraq mükəmməl dil siyasəti həyata keçirib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsi, ana dilimizin qorunması, inkişaf etdirilməsi, bütün idarə və təşkilatlarda dövlət dili kimi tətbiq edilməsi istiqamətlərindən də qətiyyətli addımlar atılıb. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Dövlət başçısının qəbul etdiyi çoxsaylı dövlət sənədləri müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, dilimizə dövlət səviyyəsində göstərilən qayğının ifadəsidir.
Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikada dövlət dilinin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi dilimizə ehtiramın ən böyük ifadəsidir. Rektor gəncləri dilimizin saflığını qorumağı tövsiyə edib.
“Müasir Azərbaycan dilinin aktual problemləri” mövzusunda çıxış edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənova türk dillərinin tarixindən danışıb. Bildirib ki, dil dünya sivilizasiyasının, ictimai həyatın əksi olan müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirir. Ona görə də alınma və beynəlmiləl termin axını dilə daxil olan alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemləri meydana çıxarır. Məhz buna görə də dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi qarşıda duran mühüm məsələlər sırasındadır.
Tədbirdə tələbələr ana dilimizə həsr olunmuş şeirlər səsləndiriblər.