NAXÇIVAN MR-İN 80 İLLİYİ ƏLİ BAYRAMLIDA QEYD EDİLDİ
Tədbirin iştirakçıları əvvəlcə şəhərdəki Şəhidlər xiyabanına gedərək respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan mərd mübarizlərin məzarları önünə əklil qoydular. Sonra “Dədə Qorqud” meydanında “Naxçıvan dünyanın bəzəyidir” sərgisinə baxış oldu. Fotostendlər Muxtar Respublikanın tarixi, inkişaf mərhələləri və bu günü barədə geniş məlumatları əks etdirirdi.
“Şirvan” kinoteatrında keçirilən tədbiri Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı Sədaqət Qəhrəmanova açaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə Muxtar Respublikanın 80 illiyinin ölkəmizin müxtəlif bölgələrində təntənəli surətdə qeyd edilməsini tariximizi öyrənmək baxımından mühüm amil kimi dəyərləndirdi.
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Yaqub Mahmudov qədim Naxçıvan torpağında Muxtar Respublikanın yaranmasının tarixi zərurət olduğunu diqqətə çatdıraraq, onun inkişaf mərhələlərinə elmi cəhətdən aydınlıq gətirdi. Qeyd olundu ki, zamanın və düşmən təcavüzünün çətin sınaqlarına mərdliklə sinə gərən Muxtar Respublika ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə torpaq islahatının ilk dəfə Muxtar Respublikada həyata keçirildiyinə toxunan natiq artıq onun real səmərə verdiyini diqqətə çatdırdı.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Həsən Zeynalov dövlətimizin başçısının müvafiq Sərəncamının xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Bildirdi ki, müxtəlif bölgələrdə keçirilən bu cür tədbirlər ictimaiyyət tərəfindən yüksək qarşılanır. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində Muxtar Respublika Azərbaycanın dilbər guşələrindən birinə çevrilib. Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi tədbirlər ölkəmizdə inkişafın ənənəvi hal aldığını göstərir.
İncəsənət ustalarının konsert proqramı ilə “Leyla” şadlıq sarayında davam edən tədbirdə Milli Məclisin deputatları Mikayıl Mirzə, Vüqar Rəhimzadə və Anar Axundzadə iştirak edirdilər.