Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcmi artıb
Naxçıvan, 19 may, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında muxtar respublikada nağdsız ödənişlərin həcmi 25 milyon 579 min 979 manata çatıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nağdsız ödənişlərin 15 milyon 735 min 831 manatı internet və digər ödəniş vasitələri, 9 milyon 844 min 148 manatı isə POS-terminallar vasitəsilə həyata keçirilib.
Özəl sektorda işçilərin əməkhaqlarının nağdsız (ödəniş kartları vasitəsilə) ödənilməsini təmin etmək məqsədilə sahibkarlarla mütəmadi maarifləndirmə və məlumatlandırma işləri aparılıb, 95 sahibkarlıq subyektlərində işləyən 840 muzdlu işçinin əməkhaqlarının plastik kartlara keçirilməsi təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.
Publik hüquqi şəxs statuslu müəssisələrdə ödənişlərin onlayn və POS-terminallar vasitəsilə qəbulu sahəsində görülən işlərə uyğun olaraq, 3 publik hüquqi şəxs statuslu müəssisədə (Naxçıvan Müalicə-Diaqnostika Mərkəzi, “Duzdağ” Fizioterapiya Mərkəzi, Stomatoloji Mərkəz) bu işlər başa çatdırılıb, digər publik hüquqi şəxs statuslu müəssisələr üçün bank hesabları açılıb, POS-terminalların quraşdırılması ilə bağlı lazımi sənədlər toplanılaraq müvafiq bank orqanlarına göndərilib. Muxtar respublika sakinləri qeyd olunan müəssisələrə müraciət edən zaman plastik kartlarından istifadə etməklə ödənişlərini rahat və nağd pula ehtiyac qalmadan həyata keçirə bilərlər.
“Nağdsız ödəyin-hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin 12 tirajında 2989 sakinə 190 min manat dəyərində hədiyyələr təqdim olunub. Cari ildə də bu həvəsləndirici tədbirin keçirilməsi nəzərdə tutulub.