Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında dezinfeksiya tədbirləri davam etdirilir
Naxçıvan, 15 aprel, AZƏRTAC
Muxtar respublikada dezinfeksiya və tibbi profilaktik tədbirlər davam etdirilir. Növbəti dəfə Naxçıvan şəhərində, Şərur, Şahbuz və Ordubad rayonlarında yoluxucu xəstəliklərə qarşı qabaqlayıcı tədbirlər aparılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərində Əyləncə və İstirahət Mərkəzinin ərazisində uşaqlar üçün yaradılan attraksionlar, oturacaqlar, karusel və hovuzların ətrafı və səkilər dezinfeksiya olunub. Bu tədbirlər “Cahan” AVM ərazisində də davam etdirilib.
Naxçıvan şəhərinin İstiqlal küçəsində, 20, 21 və 22-ci məhəllələrində, Rəssamlar Birliyinin binasında, uşaq bağçalarının ətraf ərazilərində, uşaqlar üçün yaradılan əyləncə qurğularında, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ətraf ərazilərində də dərmanlama işləri aparılıb.
Dezinfeksiya tədbirlərin müvafiq qurumların xüsusi avtomobilləri və şəxsi heyəti cəlb olunub.
Şərur rayonunda da xüsusi texnikalar vasitəsilə Dəmir Yol Stansiyasının binası, vaqonlar, avtovağzalın və rayon mərkəzi xəstəxanasının binasında dərmanlama işləri aparılıb. Yollar, binaların giriş hissələri və parklar dezinfeksiya olunub.
Şahbuz rayonunda xüsusi təyinatlı avtomobillər vasitəsilə küçə və məhəllələr dezinfeksiya edilib.
Ordubad rayonunda isə mərkəzi küçələr, yaşayış binaları, Ordubad şəhər tam orta internat məktəbi və digər sosial obyektlər dezinfeksiya olunub.