NAXÇIVAN ŞƏHƏRİNDƏKİ ŞƏHİDLƏRXİYABANINI ÜMUMXALQ ZİYARƏTİ
Xatırladaq ki, sovet qoşunlarının Bakıya soxulması ilə eyni vaxtda ermənilər də Sədərəyə hücum etmişdilər. Lakin Vətən oğulları erməni silahlı qüvvələrini Naxçıvan torpağına ayaq basmağa qoymadılar. Onların rəşadəti sayəsində daşnakların Sədərəyə və digər sərhəd kəndlərinə hücumu nəticəsiz qaldı. Həmin gün Vətən uğrunda mərdliklə döyüşənlər və şəhid olanlar ulu babalarının qəhrəmanlığını təkrar etdilər.
Bu qanlı faciənin 16-cı ildönümü günündə hüzn əlaməti olaraq Naxçıvan Muxtar Respublikasının hər yerində dövlət bayraqları endirilmişdi. Yanvarın 20-də səhər saat 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov həlak olanların əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki ziyarətgaha - Şəhidlər Xiyabanına gəldi.
Naxçıvan qarnizonunun birləşmiş hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndi.
Ali Məclisin sədri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə şəhidlik zirvəsinə ucalanların məzarları önünə tər güllər qoydu. Muxtar respublikanın nazirlik, komitə, baş idarə, şirkət, müəssisə və təşkilatlarının kollektivləri şəhid məzarları önündən keçərək onların ruhunu ehtiramla yad etdilər, məzarları üstünə qərənfillər düzdülər.
Ali Məclisin sədri 1918-20-ci illərdə Naxçıvan əhalisinə erməni daşnaklarla mübarizədə köməyə gələn türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə də tər güllər qoydu.
Saat 12.00-da Naxçıvan Muxtar Respublikası ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, avtomobillərdən və qatarlardan səs siqnalları verildi.
Axşamadək Şəhidlər xiyabanına insan axını davam etdi, şəhid məzarları gül-çiçəyə qərq oldu.