Naxçıvan Tibb Kollecinin tələbə və müəllim heyəti Türkiyədə təcrübə kursu keçib
Naxçıvan, 26 dekabr, AZƏRTAC
Naxçıvan Tibb Kollecinin müxtəlif ixtisaslar üzrə 12 nəfərdən ibarət tələbə və müəllim heyətinin Ankara şəhərində fəaliyyət göstərən Yıldırım Bəyazit Eyitim və Araşdırma Xəstəxanasında biraylıq təcrübə kursu başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, heyətdə təmsil olunan tələbələrdən 5 nəfəri tibb bacısı, 5 nəfər isə mamalıq ixtisasları üzrə təhsil alır. Təcrübə müddətində tələbələr araşdırma xəstəxanasının ortopedik və infeksion xəstəlikləri, habelə doğum və yenidoğulmuşlar şöbələrində fəaliyyət göstəriblər. Onlar, həmçinin daxili xəstəliklər və LOR şöbələrinin də işi ilə tanışlıq imkanı qazanıblar. Təcrübədə məqsəd tələbələrin xəstələrlə ünsiyyət yaratmaq, gündəlik həkim təyinatlarını yerinə yetirmək bacarıqlarına yiyələnmələri olub.
Tələbələr kurs müddətində araşdırma xəstəxanasının müvafiq şöbələrində plastik və qeysəriyyə əməliyyatlarını izləyib, doğuş palatalarında, genetik laboratoriyada iş prosesi ilə tanış olub, müasir tibbi avadanlıq və cihazların istifadə qaydalarını, yeni müayinə-müalicə üsullarını mənimsəyiblər. Onlar müxtəlif manipulyasiyaların həyata keçirilməsində, sarğıların qoyulmasında, digər tibbi proseslərdə iştirak edib, qarşılıqlı təcrübə mübadiləsi aparıblar.
Tələbələrdən Kifayət Pənahova, Turalə Əmirbəyli, Bəhruzə Hüseynova, Rahibə Məmmədova müasir nəzəri və təcrübi biliklərə yiyələnmələri üçün unikal şərait yaradanlara öz minnətdarlıqlarını bildiriblər.
Naxçıvan təhsil müəssisələrinin qardaş ölkənin tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcək.