Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksində yeni çeşiddə məhsulların istehsalına başlanılıb
Naxçıvan, 16 iyul, AZƏRTAC
Muxtar respublikada son illər həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində yerli xammala əsaslanan yüzlərlə yeni sənaye sahələri fəaliyyətə başlayıb, istehsal olunan məhsulların növ və çeşidi artıb. Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksində yeni çeşiddə gips lövhə və məsaməli beton yapışdırıcısı istehsalı da bu istiqamətdə görülən işlərin davamıdır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, kompleksin tərkibində 4 böyük zavod fəaliyyət göstərir. Burada əhəng, gips, gips lövhələr və məsaməli beton istehsal olunur. Son dövrlərdə isə burada səs izolyasiyalı nəmədavamlı gips lövhələrin istehsalına başlanılıb.
Zavodda 3 növdə və 2 qalınlıqda gips lövhə istehsal olunur. Bunlar standart tavan və divarların üzlənməsində istifadə olunan ağ kağızlı gips lövhələr, hamam, mətbəx kimi nəm olan yerlərdə istifadə olunan nəmədavamlı gips lövhələr, nəmədavamlı və səsədavamlı mavi kağızlı superlövhələrdir.
Gips lövhə zavodunda xammal kimi nişasta, gips, üzləmə kağızı və yapışqandan istifadə olunur. İllik 2 milyon 200 min kvadratmetr istehsal gücü olan zavodda Çin Xalq Respublikasından gətirilən və tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılıb.
Qeyd edək ki, Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksində istehsal olunan yüksəkkeyfiyyətli tikinti materialları yerli tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunur.