Naxçıvanda Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə aparılıb
Naxçıvan, 8 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) “Birgə DİM Lokallaşdırılması Təşəbbüsü” çərçivəsində Davamlı İnkişaf Məqsədlərinə (DİM) həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə tətbiqi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyi barədə məlumatlılığın artırılması olub.
Tədbir çərçivəsində əvvəlcə DİM-lərlə bağlı sərgi və Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dayanıqlı İnkişaf Mərkəzi ilə tanışlıq olub. Mərkəzdə dayanıqlı inkişaf istiqamətində görülən işlər və həyata keçirilən təşəbbüslər barədə iştirakçılara məlumat verilib.
NDU-nun rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov tədbirdə çıxış edərək Davamlı İnkişaf Məqsədlərinin yerli səviyyədə tətbiqinin əhəmiyyətindən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən və qarşıda duran əsas vəzifələrdən danışıblar. Çıxışlarda Dayanıqlı İnkişaf Məqsədlərinin sosial-iqtisadi inkişaf strategiyalarına inteqrasiyasının vacibliyi vurğulanıb, bu istiqamətdə dövlət qurumları, akademik dairələr arasında əməkdaşlığın önəmi qeyd olunub.
Bildirilib ki, DİM-lərin lokallaşdırılması regionların potensialından daha səmərəli istifadə edilməsinə, inklüziv inkişafın təmin olunmasına və əhalinin rifahının yüksəldilməsinə mühüm töhfə verir. Eyni zamanda, universitetlərin elmi-tədqiqat və maarifləndirmə sahəsində rolu, beynəlxalq təcrübənin öyrənilməsi, innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindən regionların sosial-iqtisadi inkişafı, DİM-lərin lokallaşdırılmasının məqsədi, prinsipləri və faydalarına dair təqdimatlar keçirilib, beynəlxalq təcrübə əsasında yerli səviyyədə tətbiq mexanizmləri müzakirə olunub.
İnteraktiv müzakirələrlə davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.
Davamlı İnkişaf Məqsədlərinə həsr olunmuş növbəti tədbir isə Naxçıvan “ASAN xidmət” mərkəzində təşkil olunub. Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov tədbirdə çıxış edərək Davamlı İnkişaf Məqsədlərinin yerli səviyyədə tətbiqinin əhəmiyyətindən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən və qarşıda duran əsas vəzifələrdən danışıblar. Çıxışlarda Dayanıqlı İnkişaf Məqsədlərinin sosial-iqtisadi inkişaf strategiyalarına inteqrasiyasının vacibliyi vurğulanıb, dövlət və özəl sektor arasında əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Müxbir - Nail Əsgərov