Naxçıvanda ədliyyə işçiləri ağacəkmə aksiyası keçiriblər
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən ağacəkmə aksiyası keçirilib.
Aksiya 22 Noyabr - Ədliyyə İşçilərinin Peşə Bayramı Günü və Azərbaycan ədliyyəsinin yaranmasının 105-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan-Sədərək magistral yolunun kənarında, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsinin yaxınlığında ayrılmış ərazidə keçirilən aksiyada nazirliyin rəhbər vəzifəli şəxsləri, aparatın və cəzaçəkmə müəssisələrinin əməkdaşları iştirak ediblər. Ağacəkmə aksiyasının məqsədi ətraf mühitin qorunmasına, ərazidə yaşıllıqların genişləndirilməsi və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir.
Aksiya iştirakçıları ərazidə Bakı şəhərindən gətirilmiş zeytun ağacı tingləri əkərək suvarıb, onlara aqrotexniki qulluq göstəriblər.