Naxçıvanda fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin yeni nəşrləri
Naxçıvan, 12 fevral, AZƏRTAC
Naxçıvan şəhərində fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində “Azadlığı istəmədik zərrə-zərrə…” və “Naxçıvanım göz nurum” kitabları işıq üzü görüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Azadlığı istəmədik zərrə-zərrə...” kitabının müəllifi muxtar respublikada dərc olunan “Şərq qapısı” qəzetinin məsul katibi, jurnalist Muxtar Məmmədoğludur. Kitabda ötən əsrin əvvəllərindən başlayaraq xalqımıza qarşı törədilən soyqırımlarından, deportasiyalardan 20 Yanvar, Xocalı faciələrinədək yaşanan hadisələrə işıq tutan məqalələr yer alıb. Kitabda, həmçinin zəfər və şərəf tariximizin qəhrəmanları müəllifin təxəyyülü, düşüncəsi, özünəməxsus yaradıcılığı ilə ortaya çıxan mətbu nümunələri də oxuculara təqdim olunub.
Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Azadlığı istəmədik zərrə-zərrə...” kitabı müəllifin oxucularla üçüncü görüşüdür.
“Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində işıq üzü görən digər bir yeni nəşr isə “Naxçıvanım göz nurum” almanaxıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunan kitabdakı şeirlərdə, poemalarda qədim Naxçıvanın ulu keçmişi, əsrlərin yadigarı olan tarixi abidələri, bu torpağın əsrarəngiz təbiəti, eləcə də gündən-günə gözəlləşən, abadlaşan şəhərlərin, kəndlərin inkişafı poetik dillə tərənnüm olunur. Kitabda 80-dən artıq şair və yazıçının 120-yə yaxın yaradıcılıq nümunəsi yer alıb.