Naxçıvanda “Gənc Fest” festivalı keçirilir VİDEO
Naxçıvan, 6 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında Naxçıvan şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Gənc Fest” festivalı keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizdə həyata keçirilən “Gənclər həftəsi” proqramı çərçivəsində festival bu gün "Naxçıvanqala" Tarix Memarlıq Muzey Kompleksində baş tutub.
Festival çərçivəsində hərbi-vətənpərvərlik, yaradıcılıq və əyləncə zonaları fəaliyyət göstərir, intellektual müsabiqələr, interaktiv təlimlər təşkil olunur. Həmçinin tanınmış ifaçı Mətin Hüseynzadə (Madteen) konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, “Gənc Fest” gənclərin intellektual, yaradıcı və fiziki potensialının inkişaf etdirilməsi, onların sosial fəallığının artırılması və milli-mənəvi dəyərlərə bağlılıq ruhunun gücləndirilməsi məqsədi daşıyır.