Naxçıvanda keçirilən beynəlxalq festival muxtar respublikada şahmatın inkişafının göstəricisidir
“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalı gənc və perspektivli şahmatçılar üçün açıq bir qapıdır
Naxçıvan, 1 may, AZƏRTAC
Mayın 1-də “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalına start verilir və 300-dən çox zəka sahibini 10 gün ərzində gərgin mübarizə gözləyir. Naxçıvanda keçirilən beynəlxalq şahmat festivalı şahmatın inkişafının, gənc istedadların bu sahədə nə qədər bacarıqlı olmasının, onlara göstərilən dövlət qayğısının növbəti göstəricisidir.
Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da şahmat idman növünə böyük diqqət və qayğı ilə yanaşılır. 2009-cu ildə Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Naxçıvan şəhərində Şahmat Mərkəzinin açılışı olub, sonrakı illərdə muxtar respublikanın bölgələrində də Uşaq-Gənclər Şahmat məktəbləri istifadəyə verilib. Hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivallarının keçirilməsi bu idman növünə olan diqqətin ildən-ilə artdığını göstərir. Təşkil edilən belə turnirlər artıq Naxçıvanı şahmat mərkəzinə çevirib. Həyata keçirilən məqsədyönlü tədbirlər şahmatın daha kütləvi xarakter almasına, bu diyarda beynəlxalq qrossmeyster, FIDE ustalarının yetişməsinə zəmin yaradıb.
Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyası son illər bir çox uğur əldə edib. Bu uğurların siyahısında çox sayda beynəlxalq turnirlərin olması sevindirici haldır. Təbii ki, beynəlxalq arenalarda qazanılan nailiyyətlər idmançılarımızın ölkədaxili turnirlərdə uğurlu çıxışlarından irəli gəlir. Bu gün əminliklə demək olar ki, muxtar respublikada qədim ənənələrə malik olan bu idman növünün inkişafı üçün hər cür şərait yaradılıb. Təkcə 2017-ci ildə 4 dəfə Naxçıvan Muxtar Respublika birinciliyi, 5 dəfə FIDE-də qeydiyyata düşmüş beynəlxalq reytinqli açıq birinciliklər keçirilib, əlamətdar günlərdə müxtəlif səviyyəli yarışlar təşkil olunub. Eyni zamanda, bu dövrdə Şahmat Federasiyasının 1 beynəlxalq qrossmeysteri, 2 beynəlxalq ustası, 3 FIDE ustası formalaşıb.
2017-ci il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə şahmatçımız Pərviz Qasımovun adı gənc istedadların “Qızıl kitabı”na salınıb, o, aylıq təqaüdə layiq görülüb. Həmçinin federasiyanın yetirməsi Toğrul Həsənzadəyə pul mükafatı verilib.
Muxtar respublikada bu idman növünün inkişafı, kütləviliyi üçün tam orta məktəblərdə dərslər tədris olunur. Eyni zamanda, şəhər və rayonlarda müasirtipli şahmat məktəbləri tikilib uşaq və yeniyetmələrin ixtiyarına verilib. Bunun nəticəsidir ki, bu gün Naxçıvanda qədim idman növünə olan maraq gündən-günə artmaqdadır. Zəka sahiblərimiz muxtar respublikanı çıxış etdikləri yarışlarda layiqincə təmsil edirlər. Xüsusilə beynəlxalq şahmat festivalı gənc və perspektivli şahmatçılar üçün açıq bir qapıdır. Dünyanın müxtəlif ölkələrindən gələn şahmatçılarla rəqabət idmançılarımızın yarış təcrübəsini artırmaqla yanaşı, onların peşəkarlaşmasına da əhəmiyyətli təsir göstərir. Təsadüfi deyil ki, son illər hər festivalda naxçıvanlı şahmatçılar uğurlu nəticələri ilə yadda qalırlar.
AZƏRTAC-ın Naxçıvan bürosu