CƏMİYYƏT
Naxçıvanda səhiyyə müəssisələrinə bayram sovqatı aparılmışdır
Naxçıvan, 1 yanvar (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 31-də Naxçıvan Hərbi Hospitalına gəlmiş, burada müalicə olunan əsgər və zabitləri, eləcə də tibbi heyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmişdir.
Ali Məclisin sədri hərbi qulluqçuların səhhəti, onların müalicəsi, dərman təchizatı və qidalanmaları ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, hospitalda hazırda 45 xəstə vardır. Hərbi hissələrdə əsgərlərin məişət şəraitinin yaxşılaşdırılması, qidalanmaya ciddi diqqət yetirilməsi, onların vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsi, yolxucu xəstəliklərin qarşısının vaxtında alınması hərbi hospitalda xəstələrin sayının azalmasına səbəb olmuşdur.
V.Talıbov hospitalın ayrı-ayrı bölmələrində müalicə olunan hərbi qulluqçuların bayramlarını təbrik etmiş, onlara tezliklə sağalıb xidmət yerlərinə qayıtmalarını arzulamışdır.
Hospitalda müalicə alan əsgər, zabit və gizirlərə, eləcə də tibbi heyətə bayram hədiyyələri paylanmış, gətirilmiş ərzaq məhsulları mətbəxə təhvil verilmişdir.
Ali Məclisin sədri hospitalın tibbi heyəti tərəfindən muxtar respublikadakı hərbi hissələrdə səhiyyə maarifi və peyvənd işinin davam etdirilməsi, əsgərlərin qidalanmasına ciddi diqqət yetirilməsi və digər məsələlər barədə tapşırıqlar vermişdir.
Ali Məclisinin sədri Vasif Talıbov Psixi və Ağciyər Xəstəlikləri Dispanserlərinə də gəlmiş, burada müalicə olunan xəstələrə baş çəkmiş, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmiş, tezliklə sağalmalarını arzulamışdır.
Qeyd olunmuşdur ki, dispanserlərdə təcrübəli həkimlər və tibb işçiləri xəstələrin müalicəsi ilə məşğul olur, onların sağlamlıqlarının keşiyində dururlar. Səhiyyə ocaqları üçün ayrılmış korpuslarda hər cür şərait yaradılmış, lazımi dərman preparatları və tibbi avadanlıqlar qoyulmuşdur.
Ali Məclisin sədri xəstələrin dərman və qida təminatı ilə maraqlanmış, muxtar respublikada mövcud olan psixi və ağciyər xəstələrinin müayinə və müalicəsinə ciddi diqqət yetirilməsi barədə tapşırıq vermişdir.
Gətirilmiş hədiyyələr dispanserlərdə müalicə alan xəstələrə və burada çalışan tibb işçilərinə paylanmış, müxtəlif adda ərzaq məhsulları anbara təhvil verilmişdir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzində müalicə alan xəstələrə və tibb işçilərinə də Ali Məclis sədrinin bayram sovqatı paylanmışdır.