NAXÇIVANDA YAŞILLIQLARA QULLUQ GÖSTƏRİLİR
Naxçıvan, 23 avqust (AZERTAC). Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas istiqamətlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını təmin etməkdir. 2010-cu ilin “Ekologiya ili” elan olunması da məhz bu məqsədə xidmət edir.
Avqustun 21-də Naxçıvan Muxtar Respublikasında keçirilən iməciliklər mütəşəkkil xarakter daşımış, şəhər və rayonlarda ayrı-ayrı küçə, park və xiyabanlarda, idarə və müəssisələrin, ictimai yaşayış binalarının həyətlərində, yol kənarlarında abadlıq, təmizlik tədbirləri görülmüş, yaşıllıq sahələrinə qulluq göstərilmişdir.
Naxçıvan MR Ali Məclisinin, Nazirlər Kabinetinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, şəhər icra hakimiyyətinin kollektivləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığında keçirilən iməcilikdə iştirak etmişlər.
Xatırladaq ki, ötən iməciliklər zamanı ərazidə 14 hektar sahədə 7 mindən çox meyvə ağacları əkilmiş, ağacların suvarılması üçün Uzunoba su anbarına gedən kanaldan 450 metr uzunluğunda su xətti çəkilmiş, 20 tonluq su çəni qoyulmuş, damcı üsulu ilə suvarma sistemi quraşdırılmışdır.
Budəfəki iməcilikdə ağaclara aqrotexniki qulluq göstərilmiş, yaşıl budama işləri aparılmış, ağaclar suvarılmışdır.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, aqrotexniki tədbirlərin davam etdirilməsi, payız mövsümündə isə ərazidə yeni terrasın hazırlanması və burada toxum əkini ilə yaşıllaşdırma işlərinin aparılması barədə tapşırıqlar vermişdir.