İQTİSADİYYAT
Nazir: Azərbaycanda bitkiçilik məhsullarının istehsalı üzrə göstərici dünya göstəricisindən əhəmiyyətli dərəcədə yuxarıdır
![Nazir: Azərbaycanda bitkiçilik məhsullarının istehsalı üzrə göstərici dünya göstəricisindən əhəmiyyətli dərəcədə yuxarıdır](/files/2023/3/1200x630/1698828850574099328_1200x630.jpg)
Bakı, 1 noyabr, AZƏRTAC
“Ölkəmizdə aqrar istehsal üzrə ən yüksək göstərici bitkiçilik sahəsindədir və son illərdə bu göstərici dünya göstəricisindən əhəmiyyətli dərəcədə yuxarıdır. Bunu xüsusilə Azərbaycanın müqayisəli üstünlüklərinin yüksək olduğu və daha çox əlavə dəyərin yaradıldığı meyvəçilik və tərəvəzçilik sahələrinin inkişafı, ümumi istehsalda payının artması şərtləndirir. Belə ki, 2003-cü illə müqayisədə ölkədə meyvə və giləmeyvə istehsalı 2,2 dəfə, kartof, tərəvəz və bostan məhsullarının istehsalı 1,6 dəfə artıb. Eyni zamanda, 2003-cü ildən sonra ət və süd məhsullarına tələbatın artmasının heyvandarlığın inkişafını fəal stimullaşdırması hesabına bu sahədə də artım sürətlənib”.
Bunu 1 Noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə AZƏRTAC üçün eksklüziv məqaləsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Nazir qeyd edib ki, ümumiyyətlə, daxili bazar tələbinin əhəmiyyətli şəkildə yüksəlməsi fonunda Azərbaycanın ərzaq təhlükəsizliyi göstəriciləri də ümumilikdə məqbul səviyyəyə çatıb, ilk növbədə yerli istehsal potensialının gücləndirilməsi hesabına əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb:
“Hazırda kənd təsərrüfatı meyvə-tərəvəz, bostan məhsulları və yumurta üzrə ölkəni tam təminetmə potensialına malikdir. Əhalinin tələbatının daha yüksək olduğu ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 2022-ci ildə 86,0 faizə, süd və süd məhsulları üzrə isə 83,3 faizə çatıb”.
Məqalənin geniş variantı ilə bu linkdə tanış ola bilərsiniz.