Nazir: Bu il Böyük Britaniya və İsrail universitetləri ilə ikili proqramların hazırlanmasını planlaşdırırıq
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycanda elm və təhsilin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Bəzən təhsil haqqında danışarkən böyük hədəflərdən danışırıq. Xüsusi qeyd etmək lazımdır ki, 1920-ci illərdə ali təhsillilərimizin sayı olduqca az olub. Ölkəmizin 100 il ərzində təhsil sahəsində əldə etdiyi nailiyyətlər unikal nəticədir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, Heydər Əliyevin təhsil şəbəkəsinin artırılmasında, Azərbaycan vətəndaşlarının keçmiş Sovet İttifaqının ali məktəblərində təhsil almasında rolu təqdirəlayiq haldır. Bildirib ki, Azərbaycandilli təhsil şəbəkələrinin genişləndirilməsi, ali təhsil kontingentinin artırılması təhsilimizin sonrakı dövrlərinə, bu gününə əsaslı şəkildə təsir edir:"Ulu Öndərin fəaliyyəti dövrü təhsilin qızıl dövrü adlandırılmalıdır. O dövrdə məktəb şəbəkəsi böyüdü, ucqar kəndlərdə məktəblər fəaliyyətə başladı. Əsrin əvvəlində bir neçə min ali təhsilli insan var idisə, 70-ci illərdə bu rəqəm yüz minə çatdı. Qarşıdakı illərdə isə bu göstəricinin 40 faizə çatması gözlənilir. Ulu Öndərin azərbaycanlı tələbələrin xaricdə təhsilinə dəstəyi Prezident İlham Əliyev tərəfində Dövlət Proqramı ilə davam etdirilir. Yaxında xaricdə təhsil alan azərbaycanlılardan ibarət forumun keçirilməsi nəzərdə tutulur. Bu il Böyük Britaniya və İsrail universitetləri ilə ikili proqramların hazırlanmasını planlaşdırırıq. Son illərdə Azərbaycanda 3500-ə qədər məktəb yenidən qurulub, təmir edilib. Bu gün Azərbaycan məktəblərində 300 mindən artıq şagird proqramlaşdırma dərslərinə, 100 mindən artıq şagird STEAM dərslərinə cəlb olunub. Ən böyük təhsil hadisələrindən biri "Zəfər tarixi" fənninin tədrisidir. Bütün bu hadisələr Ulu Öndərin ideyalarının təntənəsidir.