Nazir: Gələn il tədiyə balansının profisitinin ÜDM-ə nisbəti 6,2 faiz ola bilər
Bakı, 2 noyabr, AZƏRTAC
Neft-qaz sektorunda proqnozlaşdırılan hasilat göstəriciləri və konservativ neft qiymətləri nəzərə alınmaqla tədiyə balansının cari hesab profisitinin ÜDM-ə nisbətinin 2024-cü ildə 6,2 faiz, 2025-2027-ci illərdə isə orta hesabla 3 faizdən bir qədər yuxarı olacağı proqnozlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, ölkədə dayanıqlı inkişaf üçün formalaşmış möhkəm təməllər, həyata keçirilən islahatlar, torpaqlarımızın işğaldan azad edilməsi və ortaya çıxan yeni fürsətlər, orta dəhlizin yaratdığı tranzit logistika imkanları, alternativ energetikanın inkişafının sürətlənməsi, 2022-2026-cı illərə dair sosial iqtisadi İnkişaf strategiyasının uğurlu icra edilməsi uzunmüddətli dövrdə Azərbaycan iqtisadiyyatında daha yüksək və inklüziv artım dinamikasının əldə olunmasına tam zəmanət verir.
“Bununla yanaşı, dövlət şirkətlərinin fəaliyyətinin tamamilə yenidən qurulmağa başlaması və onların səmərəliliyinin artırılması, dövlət satınalmaları mexanizminin əsaslı islahatı, rəqabət mühitinin gücləndirilməsi, dövlət özəl tərəfdaşlığı praktikasının tətbiqinə başlanılması, klasterləşmə və sənayeləşmə kimi əhəmiyyətli struktur islahatlarında start götürülməsi, iqtisadi artımın sürətlənməsi üçün əlavə fürsətlər açır”, - deyə nazir vurğulayıb.