Nazir müavini: Azərbaycanda rəqəmsal transformasiyanın ekoloji dayanıqlılığının artırılması istiqamətində tədbirlər görülür
Bakı, 8 sentyabr, AZƏRTAC
Rəqəmsal texnologiyalar iqlim dəyişmələri ilə mübarizədə ən güclü vasitələrdən biridir, lakin rəqəmsallaşmanın özü də dayanıqlı prinsiplər əsasında həyata keçirilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “COP29-dan İqlim Həftəsinə: Yaşıl dünya üçün rəqəmsal fəaliyyət yolu” adlı sessiyada deyib.
Nazir müavini bildirib ki, Azərbaycan COP29 zamanı yaşıl rəqəmsal fəaliyyət istiqamətində mühüm öhdəliklər götürüb. COP29-un Yaşıl Rəqəmsal Fəaliyyət haqqında Bəyannaməsi rəqəmsal innovasiyaların istixana qazı emissiyalarının azaldılmasına, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Paris Sazişinin və 2030-cu il Gündəliyinin məqsədlərinə nail olunmasına töhfə verə biləcəyini təsdiqləyir.
“Bu Bəyannaməni Bakıda 75 ölkə və 1000-dən çox institut və təşkilat dəstəkləyib. İndi əsas vəzifəmiz bu vədlərin icrasını təmin etməkdir”, - deyə R.Həsənov vurğulayıb.
O qeyd edib ki, rəqəmsal texnologiyalar iqlim dəyişmələri ilə mübarizədə mühüm imkanlar yaratmaqla yanaşı, özləri də ətraf mühitə təsir göstərir:”Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, informasiya-kommunikasiya texnologiyaları sektoru qlobal istixana qazı emissiyalarının 1,5-4 faizini təşkil edir”.
Nazir müavini Beynəlxalq Enerji Agentliyinin məlumatlarına da diqqət çəkib. Bildirib ki, 2025-ci ildə məlumat mərkəzlərinin elektrik enerjisinə tələbatı 17 faiz artıb. Bu artım qlobal enerji tələbatındakı artımdan təxminən 6 dəfə yüksəkdir və qarşıdakı illərdə məlumat mərkəzlərinin enerji tələbatının daha da sürətlə artacağı gözlənilir.
“Bu rəqəmlər bir məqamı aydın göstərir: Rəqəmsal transformasiya layihələndirmə mərhələsindən etibarən dayanıqlı olmalıdır. Biz yalnız iqlim dəyişmələri ilə mübarizə aparmaq üçün rəqəmsal texnologiyalardan istifadə etməməli, eyni zamanda, texnologiyanın özünün ətraf mühitə təsirini azaltmalıyıq”, - deyə R.Həsənov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə artıq müsbət nümunələr mövcuddur. Müasir soyutma və enerji idarəetmə sistemləri məlumat mərkəzlərində soyutma üçün sərf olunan enerjinin 40 faizədək azaldılmasına imkan verir.
Nazir müavini rəqəmsal infrastrukturun genişlənməsi ilə yanaşı, onun enerji səmərəliliyinin, iqlim dayanıqlılığının və ekoloji təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
O əlavə edib ki, Azərbaycanın rəqəmsal inkişaf siyasətində də qlobal trendlər nəzərə alınır və dövlət xidmətlərinin rəqəmsallaşdırılması, informasiya sistemlərinin konsolidasiyası, peyk texnologiyalarından istifadə və telekommunikasiya infrastrukturunun “yaşıllaşdırılması” istiqamətində tədbirlər həyata keçirilir.