Nazir Rəşad Nəbiyev Xızıda vətəndaşlarla görüşüb
Bakı, 22 may, AZƏRTAC
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xızı, Abşeron, Zəngilan, Qubadlı rayonları və Sumqayıt şəhər sakinləri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Vətəndaşlarla görüş zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.